Poliqrafiya nədir və hansı çap üsulları mövcuddur?
05 Fevral 2020, 16:43

Poliqrafiya sənayesi çap məhsullarının istehsalı sahəsidir. Poliqrafiya məhsullarının istehsal olunduğu müəssisə isə mətbəə adlanır. Adətən, poliqarfiya məhsullarının istehsalı zamanı 2 çap vasitəsindən istifadə olunur:

- Ofset üsulla çap;
- Rəqəmsal çap.

Bu iki çap üsulunun arasındakı fərqləri nəzərdən keçirək. Qeyd edək ki, eyni məhsulu hər iki üsulla çap etmək mümkündür. Ancaq iqtisadi baxımdan faydalı olması səbəbindən hər iki çap üsulu fərqlənir. Ofset üsulla çap zamanı çap olunacaq məhsul çapdan öncə bir neçə hazırlıq məhrələsindən keçməlidir. Bu cür çap ofset çap maşınları vasitəsilə həyata keçirilir və kimyəvi madddələr və lazerlə işlənmiş, nazik dəmirə köçürülmüş təsvirlər çap maşınına verilir. Bütün tirajın çapı üçün ən azı 4 belə dəmir vərəq tələb olunur.

Ofset üsulu ilə çap zamanı sazlama prosesi deyilən bir etapdan da keçmək lazımdır. Bu zaman çap zamanı optimal keyfiyyəti əldə etmək üçün çap maşını uyğun vəziyyətə gətirilir. Sazlama prosesində kağız sərf olunur. Ancaq bir məqamı da qeyd edək ki, ofset üsulla çapda istifadə olunan boya rəqəmsal çapdakı boyadan daha ucuzdur. Ona görə də daha böyük tirajlarda ofset çap üsulundan istifadə edirlər.

Rəqəmsal çapın ən böyük üstünlüyü ondan ibarətdir ki, sifariş qısa müddətdə icra olunur. Burada çapdan əvvəlki metal formalardan və sazlama prosesindən istifadə olunmur, dizayn olunmuş məhsul birbaşa komputerdən çapa verilir. Rəqəmsal çapın daha bir üstünlüyü çapın təkcə kağıza deyil, müxtəlif formalı və qalınlıqlı materiallara (parçaya, kartona, plastikə, lentə və sair) çapa verilə bilməsidir.

Rəqəmsal çapın üstünlüyündən danışarkən, əlavə vəsait sərf etmədən məhsulun saxtalaşdırılmasından qorunması imkanlarını da qeyd etmək lazımdır. Bu üsulla çap edilmiş məhsulların (məsələn, etiketlər, qablaşdırma məhsulları və s.) qorunma səviyyəsi daha yüksəkdir.